23 Dekabr 2014 16:34
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət düşərgəsinin yenidən bir araya gəlməsi məqsədilə təkliflər irəli sürülüb.

Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn bildirib ki, 2015-ci ilin parlament seçkiləri zamanı müxalifətin yenidən AXCP-Müsavat birliyi bazasında birləşməsi mümkündür:

“Bu reallıqdır ki, hələ də müxalifətin birliyi məsələsində Müsavat-AXCP münasibətləri əlahiddə yer tutur. Hazırda bu partiyalar arasında münasibətlər bəlkə də özünün ən pis dövrünü yaşayır. Lakin hər halda, bəzi yeni əlamətləri görməmək mümkün deyil. “Azadlıq” qəzeti Müsavat başqanı Arif Hacılının açıqlamalarını verməyə başlayıb.

Müsavatın yeni başqanı da ardıcıl olaraq AXCP ilə əməkdaşlıq bəyanatları səsləndirir və müzakirələrə hazır olduğunu bildirir. Nəzərə alınsa ki, Müsavat-AXCP münasibətlərinin gərginləşməsində həm AXCP, həm də Müsavat daxilində əsas “təqsirkar” olaraq Arif Hacılını təqdim etməyə çalışırlar. Hər halda, bu məsələdə top AXCP sahəsinə ötürülüb. Son dövrdə AXCP-nin ritorikasında da dramatik olmasa da, müəyyən dəyişikliklər müşahidə olunur. AXCP Milli Şurada nə qədər üstün mövqeyə malik olsa da, bu həm də onun manevr imkanlarını azaldır və əl-qolunu bağlayır. Aydındır ki, Müsavat yenidən Milli Şuraya qayıtmayacaq. O halda bu problem nə şəkildə həll ediləcək, ciddi sual kimi qalır. Lakin unutmayaq ki, “demokrasidə çarə tükənməz””.

Xatırladaq ki, Pənah Hüseyin Müsavata yaxın şəxsdir və bir çox hallarda Müsavatın deyə bilmədiyi sözləri Pənah Hüseyn bildirir. Bu artıq neçə illərin sınağından çıxmış texnologiyadır.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı isə deyir ki, əslində maraqlı durum yaranıb: “Bəzən deyilir ki, bizim üçün qırmızı xətt var, mən bu xətti keçmərəm və s. Ancaq bir müddətdən sonra görürsən ki, qırmızı xətti elə yaşıl xəttə çevirirlər ki, adamın gözləri bərələ qalır. Bu, reallıqdır. Pənah Hüseyn də görür ki, neçə illərdir belə olub. Ancaq ortada etibarın olmaması bizim işimizə mane olur. Necə ki, sonuncu parlament seçkilərində mane oldu. Nəzərə alın ki, AXCP, Müsavat və digər partiyalar birləşsin və lap 30 min üzvləri olsun. Amma bu, dəryada bir balıqdır. Əslində birlik söhbətində əsas məqsəd müxalifət elektoratı üçün bir ünvan yaratmaqdır. Ancaq iş ondadır ki, bu məqsədlə birlik yaradılır, az sonra dağılır, tərəflər bir-birini ittiham edirlər və nəticədə müxalif elektoratın müəyyən hissəsi də burdan üz çevirir. Əziyyət çəkib birləşirik, bir addım qarşıya addım atırıq, sonda isə birlik dağılır və biz beş addım arxaya düşürük. Bu, illərin reallığıdır”.

Rafiq Manaflı birlik formatı haqda danışarkən deyib ki, Azadlıq, Ümid Partiyası, ALP, VİP, “El” Hərəkatını nəzərdə tutmur: “Bunlar mənim üçün qırmızı xətdir. Elələri var ki, biz onlarla bir addım gedə bilmərik. Bəlkə Müsavat ətrafında belə bir birlik yaradılacaq, ancaq bizim üçün qırmızı xətt var. Xüsusilə, nəzərə almaq lazımdır ki, bu qüvvələrin çoxu ilə Milli Şura arasında kəskin münasibətlər var. Çünki onların bir çoxu Milli Şuranı tərk edib, bəziləri isə hətta şuranın əleyhinə ciddi ittihamlar yağdırıb, şər-böhtan atıb”.

AXCP rəhbərliyinə daxil olan şəxslər isə yeni birlik imkanları haqqında irəli sürülən təklifə reaksiya verməyiblər. Bu isə o deməkdir ki, AXCP və Milli Şura Pənah Hüseynin istədiyi birliyin baş tutmasına isti yanaşmır və qarşı tərəfi siyasətdə etibarsız tərəf hesab edir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər