Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında Yasamal rayonu 12 saylı seçki məntəqəsində baş vermiş hadisə ilə bağlı yayılan video görüntülərə münasibət bildirib.
Trend-in məlumatına görə, M.Pənahov qeyd edib ki, heç kim xoşagəlməz hadisələrdən sığortalanmayıb, ancaq bunun ictimaiyyətə qeyri-adi hadisə kimi çatdırmaq düzgün deyil: "Hətta dünyanın ən sivil ölkələrində də bu cür hallar müşahidə olunur".
M.Pənahov qeyd edib ki, əgər kimsə seçki qutusuna kağız atıbsa, əlbəttə bu, düzgün deyil: "Gərək məntəqə seçki komissiyası buna imkan verməyəydi, ancaq kimsə atıbsa, o insanın özü də sağlam əqidənin daşıyıcısı deyil. Əgər orada seçki komissiyasının hansısa günahı varsa, əlbəttə MSK bunu araşdıracaq və günahkarlar cəzalandırılacaq".