24 Yanvar 09:32
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Bundan başqa, polis əməkdaşlarının yanvarın 23-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan çox heroin, 5,7 kiloqramdan artıq marixuana, 1,7 kiloqramdan artıq tiryək, həmçinin 3,2 kiloqrama yaxın metamfetamin, 1012 ədəd metadon və tramadol həbləri olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 23-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Bundan əlavə, yanvarın 23-də saat 19 radələrində Tovuz rayonunun Qovlar şəhəri ərazisində Saatlı rayon sakini E.Mejdunov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Z.Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Yanvarın 23-də saat 2 radələrində Kürdəmir şəhəri ərazisində şəhər sakini C.Məhərrəmovun müəyyən edilməyən avtomobillə vurulması barədə polisə məlumat daxil olub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21099” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü K.Kərimov saxlanılıb.


Müəllif: Hacı Zeynalov