2 Fevral 2023 11:11
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Keçirilən əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin əldə etməsi, saxlanılması, daşıması və satışı ilə məşğul olan Elman Qiyasov saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman bükülülərdə satış məqsədi ilə daşıdığı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin əldə edilməsi, daşınması və saxlanılması ilə məşğul olan 10 nəfər (Həsənağa Hüseynov, Gündüz Şıxəliyev, Çimnaz Bayramova, İntiqam Balayev, Xancan Bayramov, Elnur Eldarov, Hikmət Abbasov, Zöhrab Əmirquliyev və Ramin Əliyev) saxlanılıb, həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Bütün faktlarla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə E.Qiyasovun barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov