Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Tədbir zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib.
Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı 21-ci polis bölməsində toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.