Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 4-də və 5-də ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşlarının fevralın 4-də və 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 70,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 52,4 kiloqrama yaxın heroin, 7,2 kiloqramdan çox marixuana, 41 qram tiryək, həmçinin 10,5 kiloqramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 4-də və 5-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.