8 Fevral 2023 16:16
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlim dəyişikliklərinin təsirindən Xəzər dənizinin hövzəsi 9-18 metr aşağı düşəcək. Bu da ilk növbədə su anbarının ekosistemi, eləcə də milyonlarla insanın həyatı üçün geridönməz nəticələrə səbəb olacaq.

Alman alimlərinin iki il əvvəl açıqladığı proqnozlara görə, iqlim dəyişikliyi səbəbindən qlobal dəniz səviyyəsi daim yüksəlir, lakin Xəzər dənizinin ətrafındakı ölkələr əks problemlə - suyun səviyyəsinin aşağı düşməsi ilə üzləşirlər.

Söhbət ən yaxşı halda Xəzər dənizində 9 metr azalmadan gedir. Ən pis halda isə, suyun səviyyəsi 18 metr aşağı düşəcək ki, bu da Xəzər dənizinin üçdə bir hissəsinin yoxa çıxmasına səbəb olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Teleqraf.com-a Xəzər dənizinin hazırkı vəziyyətini şərh edib.

Professor qeyd edib ki, Xəzər dənizində suyun qalxıb-enmə məsələsi periodik və təbii prosesdir: “Səviyyənin artıb-azalması hövzəyə daxil olan və oradan gedən su balansından asılıdır. Daxil olanlar əsasən çayların gətirdiyi sulardır, bir də dəniz səthinə tökülən yağıntılardır. Gedən sular isə buxarlanma nəticəsində yaranır.

O da var ki, zəlzələdən sonra dənizə daxil olan yeraltı suların həcmi çoxalır. Bu amillər arasında nisbət dəyişəndə suyun səviyyəsində enmə-qalxma baş verir.

Son 20-30 ildə Xəzərin səviyyəsində enmə müşahidə olunur. Bu prosesin də əsasını qlobal iqlim dəyişmələri nəticəsində Xəzərə tökülən çayların suyunun azalması təşkil edir. 1995-ci ildən bu günə qədər Xəzərin səviyyəsi təxminən 190 santımetr azalıb. Bu prosesin davam edəcəyi proqnazlaşdırılır. Belə ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi dörd min il ərzində dövri xarakter daşıyır. Müşahidələr göstərir ki, təxminən 200-250 il ərzində səviyyə aşağı düşür və bir müddət sonra yenidən yüksəlir. Sonuncu ən yüksək səviyyə 1830-cu illərdə müşahidə olunub. Prosesin 200-250 il uzanacağı təqdirdə dəniz səviyyəsinin bugünkü səviyyəsindən 3 metr aşağı düşə biləcəyi təxmin edilir. Başqa sözlə, təxminən 2050-ci ilə qədər Xəzərin səviyyəsinin düşməsi gözlənilir.

Azərbaycanda Xəzər dənizinin səviyyəsi hər gün iki yerdə ölçülür – Neft Daşları və Bakı buxtasında. Nəticələr göstərir ki, Xəzərin səviyyəsində enmələr davam edir. Bu ölçmələr təxminən 1837-ci ildən başlayıb. Hər 35 ildən bir Xəzərin səviyyəsi bir qədər qalxır. Əgər dəniz səviyyəsində sonuncu dəfə artım 1995-ci ildə baş veribsə, deməli, 2032-2033-ci illərdə 0,5 m-ə qədər artım mümkündür”.

Mütəxəssis deyir ki, beynəlxalq tədqiqatçılar proqnozları Xəzərin xüsusiyyətini nəzərə almadan hazırlayırlar: “Əslində, bu, riyazi modeldir. Xəzər dənizi öz-özünü tənzimləyən bir quruluşa malikdir. Dənizin şimal hissəsi təxminən 4-5 metrdir. Orta dərin yeri isə Dərbənd çökəkliyi adlanır təxminən 800 metrdir. Astanadan sağda yerləşən Lənkəran çökəkliyinin isə dərinliyi təxminən 1025 metrdir. Xəzərə çox su gəlir, əvvəlcə bu çökəkliklər dolur. Xəzər dənizinin qərbdən şərqə təxminən 15-20 metr meylliliyi var. Bu zaman sular şərq sahillərinə tökülür. Bura çox isti zona olduğu üçün buxarlanma çoxalır. Əsasən dərin ərazilərdə buxarlanma nə qədər çox olursa, Xəzərin şimal hissəsindəki buxarlanma sahəsi azalır. Ona görə də bir-birini kompensasiya edir. Bu nöqteyi-nəzərdən dənizin səviyyəsi nə həddən artıq yuxarı qalxa, nə də aşağı düşə bilər.

Son 200 ildə Xəzərin səviyyəsinin qalxıb enməsi cəmi 3.5 metrdir. Ona görə də xarici tədqiqatçılarının dediyi 9-18 metr azalma real deyil. Xəzər öz səviyyəsini azalmağa da, artmağa da qoymur. Proqnoz verərkən Xəzərin relyefi, quruluşu nəzərə alınmalıdır.

Xəzər dənizinin səviyyəsini tənzimləmək mümkün deyil. Bunu təyin edən siklon, antisiklonlardır ki, bunun da ölçüləri 100 kilometrə qədərdir. Yağış, qar nə qədər çox olarsa, çayların suyu bir o qədər artar. Nəticədə dəniz suyunun səviyyəsi qalxar”.

Əmir Əliyevin qəanətincə, zəlzələdə suyun səviyyəsinin artırıb-azaltdığını demək çox çətindir: “Çünki həmin vaxt dənizin altındakı çatlardan su aşağı-yuxarı düşüb qalxa bilir. Amma hər halda zəlzələ suyun səviyyəsinə təsir edir. Zəlzələ çox az müddət davam edir, ölkəmizdə isə dəniz səviyyəsi haqda məlumat gündəlik toplanır. Əvvəllər cihazlar vasitəsi ilə suyun səviyyəsi hər saniyə ölçülürdü. 2000-ci il noyabrın 25-də Bakı şəhərində baş vermiş zəlzələnin lentinə baxırıq. Həqiqətən də həmin vaxt suyun səviyyəsində 10 santımetr dəyişmə hiss olunurdu”.

Bir müddət əvvəl Xəzərdə suitilərinin kütləvi ölümü qeydə alındı. Əmir Əliyev deyir ki, bu faktın dəniz suyunun azalması ilə əlaqəsi yoxdur: “Suyun çirkliliyi səbəbindən zəhərlənmə gedə bilir. Həmin vaxt Rusiyaya sanksiya qoyulduğundan Aralıq dənizindəki gəmilər Mahaçqalaya gəldilər. Gəmilər özləri ilə balans suları gətirmişdi. Bu suda çoxlu zəhərli maddələrin olma ehtimalı var idi. Ölkəmizdə ölü tapılan suitilər də şimaldan gəlmişdi”.

Kür çayındakı vəziyyəti dəyərləndirən akademik suyun getdikcə azaldığını vurğulayıb: “Qlobal istiləşmə nəticəsində həmin əraziyə tökülən yağıntıların miqdarı azalıb. Çayların axımı təbii hadisədir. Amma Kür çayının suyu tənzimlənir, yəni Mingəçevirə tökülən suyun az hissəsini açıb bu çaya buraxırlar. Su Kür çayına çatana qədər azalır. Əvvəllər su çox gələndə açıb buraxırdılar, ətraf rayonları da su basırdı. İndi o qədər azalıb ki, bu daşqınlar baş vermir”.


Müəllif: Yeganə Oqtayqızı