16 Fevral 2023 12:30
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə zəlzələ baş verən gün məlumat aldıq ki, bacım oğlu Şahinin yaşadığı binada da çöküntü olub. Binanın nə halda olduğundan xəbərimiz yox idi. Bir az keçəndən sonra informasiya yayıldı ki, Şahinlə yanaşı, digər üç tələbə də sağ-salamatdır, binadan çıxarılıb. Ancaq fevralın 7-nə kimi özləri ilə məlumat ala bilmədik deyə narahat olmağa başladıq.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyədə zəlzələ nəticəsində həlak olan Malatya şəhər İnönü Universitetinin tələbəsi Şahin Vəliyevin dayısı Azər Hüseynov deyib.

"Təcili Malatyaya getdim, qarşılaşdığım mənzərə məni şoka saldı. Binanı gözümlə görəndən sonra anladım ki, buradan insanların sağ çıxmaq şansı sıfıra bərabərdir. Çox bərbad vəziyyətdə idi, ona dağılmaq demək olmazdı. Sanki 20 Kamaz hansısa tikintinin qalıqlarını gətirib bura töküb. Belə bir yerdən insan axtarırdılar. Elə bir vəziyyətdə idi. Yenə də sona qədər ümidlə gözlədik, dedik ola bilər haradasa bizim uşaqlardan bir xəbər olar, bəlkə də sağ çıxar, ancaq təəssüf ki, doqquzuncu gün mərhumların dördünün də cansız bədənləri dağıntıdan çıxarıldı.

Şahinin arzuları çox idi. Arzularını bizim ürəyimizdə qoydu, öz arzuları da ürəyində getdi. Çox təəssüf ki, belə bir sonluq oldu", - o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər