Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 20-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşlarının fevralın 20-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,7 kiloqrama yaxın heroin, 6,1 kiloqramdan çox marixuana, 1 kiloqramdan çox metamfetamin, həmçinin 41 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində 2 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.