Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Heydər məscidinin açılışında iştirak etmək üçün Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini qəbul edib.
Prezident İlham Əliyev Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gəlmiş din xadimlərinə Heydər məscidinin açılışında iştiraklarına görə təşəkkür etdi və bunu xalqlarımız arasında dostluq və qardaşlığın göstəricisi kimi dəyərləndirdi. Belə tədbirlərin Qafqaz müsəlmanlarını bir-birinə daha da yaxınlaşdırdığını və regionda sülhə və sabitliyə xidmət etdiyini deyən dövlətimizin başçısı qonaqların təmsil etdikləri Şimali Qafqaz respublikalarında gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırdı.
Yeni məscidin açılışını Azərbaycan üçün tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev tarix boyu xalqımızın öz dinimənəvi dəyərlərinə sadiq qaldığını vurğuladı. Prezident İlham Əliyev dinin azad olduğu müasir dövrdə mövcud olan digər təhlükənin – müəyyən dairələrin gəncləri öz tarixi köklərindən ayırmaq cəhdlərinin olduğunu söylədi və bu prosesin qarşısının alınmasında, eləcə də gənc nəslin milli adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasında dini liderlərin rolundan, həmçinin dinlərarası dialoqun genişləndirilməsinin əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı qonaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi.
Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev yeni məscidin açılışında iştiraka dəvətə görə minnətdarlığını bildirdi. Qonaq Heydər məscidinin çox gözəl tikildiyini və öz əzəməti ilə ulu öndər Heydər Əliyevin adına layiq olduğunu söylədi. İsmayıl Berdiyev qeyd etdi ki, Azərbaycanda belə bir möhtəşəm məbədin istifadəyə verilməsi Heydər Əliyev müdrikliyini yaşadan Prezident İlham Əliyevin xidmətləri sayəsində mümkün olub.
Belə məscidlərdə hər zaman sülhün, əmin-amanlığın bərqərar olması üçün Tanrıya dua etdiklərini və dualar zamanı işğal altındakı Qarabağ torpağını unutmadıqlarını bildirən İsmayıl Berdiyev, bu məsələnin tezliklə həllini tapacağına əminliyini ifadə etdi.