Sahibə Qafarova: “Bu ili beynəlxalq mövqelərimizin möhkəmlənməsi baxımından müsbət qiymətləndirmək olar”
Nizami Cəfərov: “2014-cü il Azərbaycanın mədəniyyət sahəsi üçün uğurlu oldu”
“Müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəyliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən-ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur”.
Bunu YAP-ın saytına müsahibəsində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib. S.Qafarova bildirib ki, bu da nəticə etibarilə Azərbaycanın siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir: “Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlum olduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür. Bütün bunları nəzərə aldıqda 2014-cü ili Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi prizmasından müsbət qiymətləndirmək olar”.
“Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək”
S.Qafarova, təəssüflə deyib ki, Azərbaycanın əldə etdiyi bu uğurlar bir sıra dairələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar: “Azərbaycanla bağlı həqiqəti əks etdirməyən qərəzli hesabatların dərc olunmasını, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsini bunun göstəricisi hesab edirəm. Əlbəttə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özünün başlıca prioriteti elan edib. Bu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın demokratik inkişaf yolunun tərkib hissəsidir və ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya daha sıx inteqrasiya edən və daha açıq ölkəyə çevrilib. Amma buna baxmayaraq, bəzi hallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləri isə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət və müstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir”.
Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkisi barədə də danışan S.Qafarova bu seçkinin Azərbaycanda seçki ənənəsinin möhkəmlənməsi və ölkənin demokratik yolla inkişafı baxımından irəliyə doğru atılmış növbəti addım olduğunu vurğulayıb. O qeyd edib ki, seçkilərin yüksək demokratik standartlara uyğun, qanunvericiliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdı.
“Bələdiyyələr ölkəmizin inkişafında mühüm rol oynayır”
S.Qafarova bildirib ki, əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə seçicilərin fəallığı daha yüksək olub. Onun sözlərinə görə, vətəndaşların bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında əvvəlki dövrlərdən daha çox məlumatlı olması bələdiyyə seçkilərində xalqın daha fəal olmasını şərtləndirib: “Ümumən, bu seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və demokratik standartlara tam cavab verdiyini söyləyə bilərik. Ümidvaram ki, seçkilərdə qalib gələrək bələdiyyələrə seçiləcək namizədlər onlara göstərilən etimada layiq olacaqlar. Bələdiyyələr ölkəmizin inkişafında mühüm rol oynayır. Azərbaycan gücləndikcə, imkanları artdıqca bələdiyyələrin də məsuliyyəti, işi, vəzifələri artır. Ona görə də, bələdiyyə üzvləri bu məsuliyyəti dərk edib, respublikanın inkişafına öz töfhələrini verməlidir ki, etimadı doğrultsunlar. Yeni üzvlərin bu etimadı doğruldacaqlarına inanıram. Mənim üçün əlamətdar olan digər məqam isə Yeni Azərbaycan Partiyasının bu seçkiləri də parlaq qələbə ilə başa vurması oldu. Bu məqam bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanda YAP-la rəqabət apara biləcək hansısa siyasi təşkilat yoxdur. Ümumxalq partiyası olan YAP gücünü hər zaman xalqdan alır”.
“İncəsənət xadimlərinə dövlət tərəfindən diqqət və qayğı davam edir”
“2014-cü il Azərbaycanın mədəniyyət sahəsi üçün uğurlu oldu”.
Bunu isə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. N.Cəfərov bildirib ki, ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində də mühüm işlər görülür.
“Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinə dövlət tərəfindən diqqət və qayğı davam edir. Bugünlərdə prezident İlham Əliyevin sərəncamı ilə bir qrup mədəniyyət işçisinin təltif olunması buna sübutdur. Bütün bunlar bir daha ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nümunəsidir” - deyə, komitə sədri vurğulayıb.
Səxavət HƏMİD