Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, martın 4-də və 5-də ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşlarının martın 4-də və 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9 kiloqramdan artıq heroin, 3,7 kiloqramdan çox marixuana, 1 kiloqrama yaxın tiryək, 360 qramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.