Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, martın 9-da ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşlarının martın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,6 kiloqramdan artıq heroin, 4,6 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.