Daxili İşlər Nazirliyi son iki gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, aprelin 1-də və 2-də ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 29 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşlarının aprelin 1-də və 2-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 21 kiloqramdan çox marixuana və 103 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.