Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhərində saxta pul dövriyyəsini təşkil etməkdə şübhəli bilinən paytaxt sakini Nizami Quliyev saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, onun üzərinə baxış zamanı saxta 35 min 900 ABŞ dollar aşkar olunaraq götürülüb. Nizami Quliyev saxta əsginasları paytaxt ərazisində müxtəlif vasitələrdə dövriyyəyə buraxmaq üçün əldə etdiyini deyib.
Faktla bağlı toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Nizami Quliyev barəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində isə paytaxt ərazisində moped oğurluğu ilə məşğul olan Şamil Şıxəliyev və Pərviz Qasımov saxlanılıblar.
Onların Bakının müxtəlif ünvanlarında 4 ədəd mopedi sutkanın qaranlıq saatlarında oğurladıqları və pul müqabilində satdıqları müəyyən edilib. Qrup üzvlərinin Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər edib-etmədiklərinin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.