Razim Əmiraslanlı: “Vurğun Əyyubun çıxarılmasının tərəfdarıyıq”
Müsavat Partiyası Divanı 2015-ci il üçün ilk iclasını keçirib. İclasda parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb, digər partiyalarla məsələhətləşmələrin edilməsi qərara alınıb.
Toplantı barədə məlumat verən partiyanın təşkilat şöbəsinin müdiri, Divan üzvü Razim Əmiraslanlı deyib ki, Müsavatın seçkilərdə təkbaşına, yaxud blok şəklində iştirakı müzakirələrin gedişatından asılı olacaq: “Bəri başdan bu barədə fikir söyləmək çətindir. Digər siyasi partiyaların da mövqeyindən çox şey asılıdır. Milli maraqlar və uğurlar naminə əməkdaşlıq mümkündür”.
R.Əmiraslanlı Divanın toplantısında Müsavat sıralarından çıxarılan şəxslərin bərpası istiqamətində hər hansı müzakirələrin aparılmadığını əlavə edib.
O, Məclis üzvü Vurğun Əyyubun Müsavat Məclisindən çıxarılması məsələsinin gündəmdə olduğunu xatırladıb: “Vurğun Əyyub partiya qurumlarını legitim saymadığı və özünü Məclis üzvü hesab etmədiyi üçün onun Məclis üzvləri siyahısından çıxarılmasının tərəfdarıyıq. Özünü Məclis üzvü kimi görmürsə, qalmağının bir əhəmiyyəti yoxdur. Ona dəfələrlə rəsmi şəkildə Məclisin iclaslarında iştirakla bağlı müraciət etmişik, o isə bundan imtina edib. Yəqin Məclisin növbəti iclasında bu məsələyə yenidən baxıla bilər”.
Divan üzvü Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratiya və Rifah hərəkatına da münasibətini açıqlayıb: “İctimai hərəkatda hansısa partiya üzvünün təmsil olunması qadağan olunmasa da, bu, partiya nizamnaməsində nəzərdə tutulmayıb. Əgər hərəkat Müsavat Partiyasının maraqlarına zidd olacaqsa, yaxud gələcəkdə partiya kimi formalaşsa, artıq onların Müsavatda qalması mümkün olmayacaq. Çünki nizamnaməyə görə şəxs ancaq bir partiyada təmsil oluna bilər. Başqa partiya yaranacaqsa, yəqin Qubad İbadoğlu və tərəfdarları Müsavatdan uzaqlaşdırılacaq”.
Nərgiz