Neftçala rayon sakininin həyətindən 1090 ədəd çətənə kolu, evindən isə 8 kiloqrama yaxın marixuana aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Əlisaleh Kərimov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, eləcə də böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən və hündürlüyü 10-150 sm arası olan 1090 ədəd çətənə kolu, evindən isə çəkisi 8 kiloqrama yaxın olan marixuana aşkar edilib.
Faktla bağlı Neftçala rayon polis şöbəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.