6 Yanvar 2015 17:33
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacıyev: “Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə Böyük Sülh Sazişi üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür”

“Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir”.

Bunu Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin cəbhə xəttində yaranmış gərginliklə əlaqədar söylədiklərini şərh edərkən deyib.

H.Hacıyev bildirib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi, tərəflər sülh saziş üzrə danışıqlarda iştirak etməlidirlər.

“Təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə Böyük Sülh Sazişi üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhə boyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir”, – deyə H.Hacıyev vurğulayıb.

XİN sözçüsü qeyd edib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur: “Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

Qeyd edək ki, C.Psaki ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarının artmasından narahat olduğunu dilə gətirib.

“Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir. ABŞ əvvəlki kimi münaqişənin danışıqlar yolu ilə Minsk qrupu çərçivəsində həllinin tərəfdarıdır. Biz Azərbaycan və Ermənistanı regionda sülhə gətirəcək danışıqlarda iştirak etməyə çağırırıq”, – deyə C. Psaki bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Uruqvay xarici işlər nazirinin Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması çağırışı ilə çıxış etməsinə dair yayılan xəbərlərə də münasibət bildirib.

H.Hacıyev bildirib ki, XİN-in təlimatı əsasında Azərbaycanın Uruqvaydakı diplomatik missiyası bu məsələni Uruqvay Xarici İşlər Nazirliyi ilə araşdıracaq: “Bir çox hallarda “asbarez.com” kimi erməni kütləvi informasiya vasitələrində bu tip xəbərlər təhrif olunur, xüsusilə də ümumi kontekstdən çıxarılmış formada təqdim edilir. Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin bu yaxınlarda Ermənistanda səfərdə olarkən söylədiyi fikirləri də təhrif olunmuşdu. Danilo Astorinin söylədiyi iddia olunan fikirləri aydınlaşdırarkən Uruqvay Xarici İşlər Nazirliyi həmin şəxsin özünə istinadən bəyan etdi ki, bu məlumat həqiqətə uyğun deyil, onun tərəfindən belə fikirlər səsləndirilməyib və Uruqvayın rəsmi mövqeyi münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarətdir”.

Qeyd edək ki, Ermənistan mediasından yayılan xəbərlərə əsasən Uruqvay xarici işlər naziri Luis Almaqro beynəlxalq birliyi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa çağırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər