12 May 2014 16:25
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupunun Azərbaycanla Ermənistan arasında imzalanan və tarixə “Bişkek protokolu” adı ilə düşmüş atəşkəs sazişinin 20 illiyi ilə bağlı bəyanatında status-kvonun uzadılmasının qənaətbəxş olmadığı ifadə olunur”.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Onun sözlərinə görə, bu işarə Ermənistana aid edilir: “Çünki Ermənistan status-kvonun uzadılması üçün müxtəlif hiylələrə, bəhanələrə əl atır. Bu mövqe birmənalı olaraq beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir”.

Onun sözlərinə görə, həmsədrlərin bəyanatında açıq şəkildə işarə olunur ki, işğal faktoru davam etdirilir: “Eyni zamanda bəyanatda qaçqın və məcburi köçkünlərin əziyyət çəkdiyi vurğulanır. Həmçinin həmsədrlər yenilənmiş “Madrid prinsipləri”ni açıqlamaqla, etimad məsələsini ortaya qoyublar. Qeyd olunan mərhələlərin həyata keçirilməsinə müvəffəq olunmamasının əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fiziki olaraq mövcud olmasıdır. Ermənistanın silahlı birləşmələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmayınca, hər hansı bir etimaddan danışmaq çətindir. Çünki həmin ərazilərdə etimad tədbirlərinin həyata keçirilməsi, qaçqın və məcburi köçkünlərin geri qaytarılması, komunikasiyaların bərpa olunması, müvəqqəti status vəziyyətinin yaranması, insanların bir arada yaşaya bilməsi etimadla bağlıdır. Ancaq işğalçı Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə olması inam mühitinin yaranmasını mümkünsüz edir”.
XİN-in sözçüsü qeyd edib ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açıqlamasını şərh edərkən snayperlərin geriyə çəkilməsi, insidentlərin araşdırılması mexanizmlərinə toxunması işğalçı dövlətin ləngər vurma siyasətindən, status-kvonu uzatma cəhdləri və münaqişənin həllinə köklü, obyektiv baxmamasından irəli gəlir.

E.Abdullayev vurğulayıb ki, artıq münaqişə köklü surətdə həllini tapmalıdır: “Münaqişənin həll olunmamasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi və ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından keçir. Torpaqlarımız işğaldan azad olunmalıdır ki, qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına qayıtsın, Azərbaycan və erməni icmaları Azərbaycanın tərkibində, vətəndaşlarımız olaraq yaşamlarını davam etdirsin və etimad mühiti yaradılsın. Bu şəraitin olmamasının tək səbəbkarı rəsmi Yerevan, onun silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır”.

“Həmsədrlərin bəyanatında ərazilərimizin işğal olunmuş kimi göstərilməsi onu göstərir ki, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı konkret bir mövqeyi var və Ermənistanın sülhə məcbur edilməli olduğunu anlayırlar. Ermənistan sülhə məcbur edilməyənədək münaqişənin həllində hər hansı irəliləyişin əldə olunması olduqca qeyri-mümkün görünür. Hesab edirəm ki, tərəflər arasında diplomatik danışıqların getdiyi bir vaxtda beynəlxalq ictimaiyyət məsələyə təpki göstərməlidir”, - deyə XİN rəsmisi vurğulayıb.

Səxavət


Müəllif: