Samux rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Orxan Abdullayev saxlanılıb. O, polis şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Wolter P-38” markalı tapança, həmin silaha aid 2 ədəd patron aşkar edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.