Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) tərəfindən söndürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.
14:26
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib.
Bu barədə Teleqraf.com-a "SOCAR Downstream Management" MMC-dən məlumat verilib.
Bildirilir ki, ilkin ehtimala görə yanğın xammal tutumunda baş verib.
"Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda deyilir.