Bərdə rayonunda sevgilisini qətlə yetirməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Şirxan İmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
İttihama görə, bu ilin martın 30-da, saat 00:15-də Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda yerləşən kafelərdən birində Günay Ələkbarovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, Şirxan İmanov Günay Ələkbərova ilə qeyri-rəsmi münasibətdə yaşayıb. Qətlə yetirilən zaman Günay Ələkbərovanın 8 aylıq hamilə olduğu məlum olub.
Şirxan İmanovun barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə ittiham elan edilib.