Gəncə şəhərinin Cavad bəy Şıxlinski küçəsində vətəndaş köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, daxil olan məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə şəhər sakini Cavid Əsgərov tikilinin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan girişi olmayan boşluğa yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələri ilə C.Əsgərovu təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.