12 May 2014 18:04
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Azərbaycanda səfərdə olan prezidenti Fransua Olland bu gün müxalifət liderləri və vətəndaş cəmiyyəti institutunun nümayəndələri ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, REAL Hərəkatının Məclis sədri Erkin Qədrili, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, “Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyev və araşdırmaçı jurnalist Xədicə İsmayıl iştirak edib.

Görüşdə Ollandın diqqətinə əsasən Azərbaycandakı siyasi vəziyyət, siyasi məhbuslarla bağlı vəziyyət çatdırılıb, ölkədə insan haqlarının durumundan, hakimiyyətin fəaliyyətindən narazılıq ifadə olunub.

Fransa prezidentinin Azərbaycan hakimiyyətinə qarşı barışmaz mövqe tutan, cəmiyyətə radikal qüvvələr kimi təqdim olunan şəxlərlə görüşməsi bir sıra suallar yaradır.

Birincisi, Qərb Fransanın timsalında Azərbaycanda müxalifət olaraq yalnız AXCP, Müsavat Partiyası və onlara yaxın şəxsləri qəbul edir. Parlamentdə təmsil olunan müxalifətçiləri isə hakimiyyətə alternativ qüvvə saymır.

İkincisi, Olland bu addımı ilə Azərbaycandakı bu üç siyasi qüvvəni real müaxlifət kimi təqdim etməklə onlarla əməkdaşlığının vacibliyinə eyham vurur, Qərbi həmin qüvvələrə dəstək verməyə sövq edir.

Nəhayət, bu görüş zəif, sıradan çıxmış, yox olmaq təhlükəsi ilə üzləşən qüvvələr kimi təqdim olunan müxalifətə güc verir, onların nüfuzunun artırılmasına xidmət edir.

Teleqraf.com bir neçə müxalifət partiyasının sədrindən görüşə dəvət almamalarının səbəbini soruşub.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-a dedi ki, görüşə dəvət olunsaydı belə, dəvətdən imtina edəcəkdi: "Qondarma erməni soyqırımını tanıyan bir ölkənin ermənilərə işləyən prezidentlilə görüşməyə həvəsim yoxdur. Qaldı ki, bizi görüşə niyə dəvət etməmələrinə, bunu səfirlikdən soruşsanız yaxşı olar. Onlar həmişə belə edirlər. Olland özünü demokratiyanın müdafiəçisi kimi təqdim etmək üçün klassik müxalifət nümayəndələrilə görüşüb. Bu görüş heç nəyi həll etmir. Fransa hakimiyyətinin Azərbaycan hakimiyyətilə gözəl münasibətləri var".

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Teleqraf.com-a bildirdi ki, görüşün formatını Fransanın Azərbaycandakı səfirliyi müəyyən edir: "Mən görüşün bu formatda keçirilməsinə normal baxıram. Onlar belə məsləhət görüblər".

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov Teleqraf.com-a açıqlamasında bildirdi ki, görüşü təşkil edən Fransa səfirliyi olub: "Açığı bu görüşə bizi niyə çağırmadıqları özümüz üçün də maraqlıdır. Ollandla görüşə dəvət olunmamağımızın səbəbini bilmirəm, bunu həmin görüşü təşkil edənlərdən soruşun".


Müəllif: