8 Yanvar 2015 11:23
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bir sıra layihələrlə yadda qaldı.

Bəs 2015-ci ildə QHT-lər hansı işləri görəcək, nə kimi layihələr həyata keçirəcək?

"Seçkiqabağı jurnalistləri maarifləndirməyi planlanlaşdırırıq”

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki, hazırda "Onlayn etika - netiket” proqramı çərçivəsində seminarları davam edir. Onun sözlərinə görə, bu proqram təşkilatın daxili imkanları hesabına gerçəkləşdirilir: "Bundan başqa müəllimlər üçün ifadə azadlığı mədəniyyəti layihəsinin üzərində işləyirik. Təxminən mart ayından icrasına başlayacağıq. Seçki ili olduğu üçün, seçkiqabağı jurnalistləri maarifləndirməyi də planlanlaşdırırıq”.

"Yaşıl texnologiya ilə bağlı beynəlxalq konfrans keçirəcəyik”

Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli qeyd edib ki, 2015-ci il baş verəcək müsbət hadisələrə görə zəngin bir ildir. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti ötən il olduğu kimi bu il də Vətənimizin təbliği, xüsusilə Qarabağ məsələsi ilə bağlı lobbiçilik fəaliyyətini davam etdirəcək: "Bundan başqa təşkilat olaraq gənc qadınların ictimai-siyasi fəal kimi püxtələşməsi istiqamətində də işlər aparırıq. Artıq ölkəmizdə bu istiqamətdə ciddi nailiyyətlər əldə olunub və güman edirəm ki, bu sahədə də fəaliyyətimizi davam etdirməliyik. Təkcə paytaxtda deyil, rayonlarda yaşayan qadınların da istedadlılarını tapıb üzə çıxarmaq lazımdır. Bu qadınların görə biləcəyi iş, qazanacağı uğur dövlətin inkişafı, Vətənin çiçəklənməsi üçün bir addım sayıla bilər”.

V.Hüseynlinin sözlərinə görə, təşkilat olaraq indiyədək bir sıra beynəlxalq layihələr icra ediblər: "Bizim 2011-ci ildə böyük bir layihəmiz olmuşdu. Yaşıl texnologiya ilə bağlı beynəlxalq konfrans keçirmişdik və bu tədbir çərçivəsində ilk dəfə olaraq Nobel mükafatçısı Ada Yonat iştirak etmişdi. Azərbaycanın İT ölkəsi kimi dünyaya təqdimatı baxımından növbəti beynəlxalq konfransını ilin sonunda keçirməyi planlaşdırırıq”.

"Ermənistan səfirlikləri qarşısında aksiyalar keçiriləcək”

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri, Qarabağ - Qeyri Hökumət Təşkilatları Koalisiyasının koordinatoru Vüqar Qədirov bildirib ki, bu il üçün böyük tədbirlər planı hazırlanıb. O, sədri olduğu təşkilatın QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi, eyni zamanda, Gənclər Fondu ilə layihələri olduğunu bildirdi: "Bu layihələr Azərbaycanda qaçqın və məcburi köçkün gənclərin hərbi vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, o cümlədən bu kateqoriyadan olan istedadlı gənclərin aşkarlanması istiqamətində olan layihələrdir. Mütəmadi olaraq qan yaddaşımız mövzularında, həmçinin gənclərimizin vətənpərvərlik tərbiyəsinə istiqamətinə yönəlik layihələrimiz olacaq. Bununla bağlı qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə tədbirlər nəzərdə tutulub. Eyni zamanda, bu il Bakıda ilk Avropa Olimpiya Oyunları və parlament seçkiləri keçiriləcək. Bununla bağlı təşkilatımız gənclər arasında maarifləndirici tədbirlər həyata keçirməyi planlaşdırır”.

V.Qədirov deyib ki, 30 təşkilatı öz ətrafında birləşdirən Qarabağ- Qeyri Hökumət Təşkilatları Koalisiyası 20 yanvar şəhidlərini anmaqla tədbirlərə start verəcək: "20 yanvar şəhidləri ilə bağlı bir neçə tədbir keçirəcəyik. Xocalı soyqırımının tanıdılması ilə bağlı Azərbaycanda və xaricdə tədbirlərimiz nəzərdə tutulub. Bundan başqa koalisiya qondarma erməni soyqırımının yüz illiyi ərəfəsində buna cavab olaraq sənədlər əsasında Xocalı soyqırımının daha aktiv şəkildə gündəmə gətirilməsi üçün tədbirlərin, konfransların keçirilməsini nəzərdə tutmuşuq. Türk araşdırmaçı, professor İbrahim Öztekin ”Xocalı soyqırımı soyqırımdır" kitabını nəşr etdirməyi planlaşdırırıq. O cümlədən aprel ayında təxminən adı "Soyqırımlara baxış” olan beynəlxalq konfrans keçirmək istəyirik. Həmçinin koalisiya ötən il olduğu kimi, bu il də mütəmadi olaraq əsgərlərlə görüşlər keçirəcək. Girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı xarici ölkələrdə fəaliyyət göstərən Ermənistan səfirliklərinin və bir sıra beynəlxalq təşkilatların qarşısında aksiyaların da keçirilməsini nəzərdə tutmuşuq".


BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər