“Azərbaycanın iqtisadi inkişafının baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı” dövlət proqramları bölgələrin sıçrayışlı inkişafını təmin edib. Bununla yanaşı, proqramlar insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni çalarlar almasında mühüm rol oynamaqdadır”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.
A.Badamov bildirib ki, bu mükəmməl proqramlar Azərbaycanın son 12 ildə ən mütərəqqi islahatları reallaşdıran ölkə statusuna malik olmasını da şərtləndirib. Onun sözlərinə görə, “Regionların sosial-iqtisadi inkişafı” dövlət proqramları ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir: “Regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun, fermerlərə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bu mənada 2013-2018-ci illərə dair regional inkişaf proqramı yeni dövrün iqtisadi reallıqlarını, Azərbaycanın qarşısında duran yeni çağırışları özündə əks etdirir”.
Səxavət