Ticarət mərkəzində baş vermiş mənimsəmə faktı üzrə cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Xaçmaz rayon prokurorluğundan bildirilib.
Xaçmaz rayon sakini Azər Səfərova məxsus “Qayalı” ticarət mərkəzində pul vəsaitinin mənimsənilməsinə dair daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Xaçmaz rayon sakini Şərafəddin Hacıyevin həmin ticarət obyektində menecer vəzifəsində işləyərkən ona etibar edilmiş 92 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Şərafəddin Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.