Xızıda dağlıq ərazidə yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun Qarabulaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xızı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək sıx meşəlik əraziyə keçmə riski yüksəkdir.
Relyefin mürəkkəbliyi səbəbindən əsasən əl üsulundan istifadə olunmaqla yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın genişlənməsinə, o cümlədən çoxillik palıd və digər ağaclardan ibarət sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.