Türkiyənin şimal-qərbində, Çanaqqala vilayətində meşə yanğını olub.
Teleqraf.com xəbər verir ki, səlahiyyətlilər yanğın zonasının bilavasitə yaxınlığında yerləşən kəndlərdən birinin sakinlərini təxliyə edib.
Yanğının səbəbi hələlik məlum deyil. Lakin güclü küləyin təsiri altında yanğının sürətlə yayılması riski var. Söndürmə işlərinə yanğınsöndürən helikopterlər və təyyarələr, habelə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub.
Səlahiyyətlilər Çan və Çanaqqala şəhərləri arasındakı magistral yolu müvəqqəti bağlayıb. Hadisə bölgəsinə həkimlər və jandarma qüvvələrinin əlavə hissələri də göndərilib. Kayadərə kəndinin sakinləri təxliyə edilib. Bundan əlavə, Terzioğlu kənd sakinlərinə də müvəqqəti olaraq evlərini tərk etmələrinin mümkünlüyü ilə bağlı xəbərdarlıq edilib.
Yanğın nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Yanğın zamanı bir neçə heyvan xəsarət alıb. Yerli sakinlər səlahiyyətlilərin köməyi ilə iribuynuzlu və xırdabuynuzlu mal-qaranı təhlükəsiz ərazilərə çıxarmağa çalışırlar.