13 May 2014 11:52
834

Kanadanın “The Prince Arthur Herald” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyevin qəzetin baş redaktoruna ünvanlandığı məktub dərc edilib.

Teleqraf.com xəbər verir ki, məktub Ermənistanın Kanadadakı səfirinin mayın 2-də sözügedən qəzetdə dərc edilən müsahibəsinə cavabdır. Həmin müsahibədə Ermənistan səfiri Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edən ifadələrə yer veribmiş.

F.Şəfiyevin yazısında Ermənistan səfirinin Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin təhrif edilməsinə yönəlmiş cəhdləri ifşa edilir, münaqişənin məhz Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü ilə bağlı olduğu vurğulanır. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinə istinad edilərək, bu qətnamələrin münaqişənin mahiyyəti ilə bağlı heç bir şübhə yeri qoymadığı bildirilir. Həmin qətnamələrin bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörməti təsdiqlədiyi diqqətə çatdırılır.

Qeyd olunur ki, Ermənistan insan hüquqları və öz müqəddəratını təyin etmə bəhanəsi ilə “Böyük Ermənistan” yaradılması məqsədini daşıyan irredentist siyasət yürüdür və Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalı məhz bu siyasətin tərkib hissəsidir. Azərbaycana qarşı təcavüzün etnik təmizləmə və dəhşətli müharibə cinayətləri, o cümlədən Xocalı qırğını ilə müşayiət olunduğu barədə də məlumat verilir.

O da əlavə olunur ki, Ermənistan səfirinin Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində ən az inkişaf etmiş rayon olması barədə iddiaları da reallıqdan uzaqdır. Belə ki, statistik məlumatlara əsasən Dağlıq Qarabağın sosial və iqtisadi inkişaf göstəriciləri Azərbaycan SSR-in digər rayonları ilə müqayisədə daha yaxşı olub.

Səxavət


Müəllif: