Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Teleqraf.com-a Cəlilabad rayon prokurorluğundan bildirilib.
Cari il mayın 27-də Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində 1985-ci il təvəllüdlü Şamo Əzimovun öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İbtidai istintaqla 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Şamo Əzimova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rəşad Aslanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.