Ağcabədidə keçirilən əməliyyat zamanı qanunsuz silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına qanunsuz silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən şəxs barəsində əməliyyat məlumatı daxil olub:
"Məlumat əsasında keçirilmiş tədbirlərlə rayonun Muğanlı kənd sakini Rafiq Vəliyev idarəsində olan avtomobillə birgə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı yük yerindən 1 ədəd nömrəsi silinmiş "Kalaşnikov" konstruksiyalı "AK-74" markalı avtomat, həmin silaha məxsus patron darağı və 5 ədəd 7.62 kalibrli patron aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ilkin dindirilmə zamanı həmin silah-sursatı bir müddət əvvəl Qarqar çayının sahilindən tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib".
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.