Erkin Qədirli: "Bəşər Əsədə görə ABŞ-a şərt qoyulub"
Respublikaçı Alternativ Hərəkatının (REAL) idarə heyətinin üzvü, hüquqşünas Erkin Qədirli növbəti dəfə İran-Qərb münasibətlərinə toxunub. REAL funksioneri bildirib ki, İran mahir diplomatik oyunçudur:
"Bölgəmizdə ehtimal oluna biləcək dəyişikliklərin xeylisi İranın ABŞ-la gözlənilən anlaşmasından asılı ola bilər. Yanvarın 14-də, İranın xarici işlər naziri ABŞ-ın dövlət katibi ilə Cenevrədə görüşəcək və müzakirələr aparacaq. Yanvarın 15-17-də isə "nüvə anlaşması"nın detalları müzakirə olunacaq. Yanvarın 18-də İran siyasi rəhbərliyi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərilə nüvə mövzusunda müzakirələri davam etdirəcək, eyni zamanda, sanksiyalar haqqında da müzakirələr aparılacaq. Bu müzakirələrə Avropa Birliyinin ən güclü dövləti qismində Almaniya da dəvət alıb".
Erkin Qədirlinin fikrincə, indi İran çox maraqlı siyasət izləyir, hətta Suriyada Bəşər Əsəd iqtidarının devrilməsinə razıdır, eyni zamanda, Hizbulla təşkilatına maliyyə yardımını da azaldıb: "İran prezidenti, Ruhani deyib ki, ölkə parlamenti ABŞ-la anlaşmaya qarşı çıxarsa, dəstək üçün xalqa müraciət edəcək və məsələni referenduma çıxaracaq. Bundan başqa, İran ABŞ-a diplomatik kanallarla bildirib ki, Bəşər Əsədin hakimiyyətdən getməsinə bir şərtlə etiraz etməyəcək - Suriyada hakimiyyət şiələrin əlində qalmalıdır. Bu azmış kimi İslam İnqilabının Keşikçiləri adlanan qüvvənin büdcəsini xeyli azaldıb. Bu da yetməmiş kimi, Hizbullah təşkilatının da İrandan maliyyəsi 35% azaldılıb. Yeri gəlmişkən, Hizbullah rəhbərinin Parisdəki terroru pisləməsi də maraqlı gedişdir".
CAVİDAN