Azər İsmayıl: "Vurğun Əyyub faktiki olaraq Məclis üzvlü deyil"
Müsavat Partiyası başqanının müşaviri Azər İsmayıl partiyada cərəyan edən proseslərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Sonuncu qurultaydan sonra Müsavat Partiyasının fəaliyyətini necə qiymətləndirirsiz? Sizcə, qısa zaman ərzində yeni rəhbərlik gözləntiləri doğrulda bilibmi?
- Qurultaydan sonra Müsavat Partiyası dinamik fəaliyyət göstərir. Qısa müddət ərzində ölkəni əhatə edən zona müşavirələri və bu müşavirələrin ortya çıxardığı bir sıra məsələləri müzakirə etmək üçün respublika müşavirəsi keçirildi, partiyanın strukturları formalaşdırıldı, müşavirlik institutu daha işgüzar formatda təşkil edildi. Müsavatın yeni rəhbərliyi kifayət qədər qənaətbəxş fəaliyyət göstərir.
- Qurultayın nəticələrindən narazı qalanlar Arif Hacılının rəhbərliyə öz adamlarını təyin etdiyini iddia edirlər. Bu iddialar nə dərəcədə doğrudur?
- Müsavat Partiyası qanunların aliliyini rəhbər tutan bir təşkilatdır. O baxımdan Müsavat Partiyasında qeyri-qanuni heç bir hadisə baş vermir. İddialar isə gülməlidir. Çünki hətta bu iddialar doğru olsaydı belə, burda qeyri-adi heç nə yox idi. İstənilən demokratik situasiyada, istər bu Müsavatda olsun, istərsə də, dünyanın hər hansı bir demokratik ölkəsinin seçkili təsisatlarında, seçilmiş rəhbər öz inanılmış komandasıyla işləməyə üstünlük verir. Müsavat Partiyasının təyinatlı vəzifələri başqanın müstəsna səlahiyyətidir. Seçkili orqanlarda isə namizədlərin sağlam rəqabəti üçün hər cür şərait yaradılır.
- Qubad İbadoğlu bildirib ki, partiyada növbədənkənar qurultay keçirilməsinin tərəfdarlarının sayı getdikcə artır. Siz bunu müşahidə edirsiniz?
- Məncə, bu qədər qeyri-ciddi açıqlamalar verdikcə Qubad İbadoğluna rəğbəti olanlar azalır. Əgər həqiqətən Qubad bəy belə bir açıqlama veribsə, sadəcə, təəssüf etdiyimi deyə bilərəm.
- Vurğun Əyyubun Müsavat Məslisi üzvlüyündən çıxarılması məsələsi qaldırılmışdı. O, "mən Müsavatın Məclisini legitim saymıram" demişdi. Belə olan halda onun hələ də Məclis üzvü olaraq qalmasına münasibətiniz necədir?
- Əslində o, de-fakto Məclis üzvü deyil. Sonuncu Məclisdə də mən çıxışımda Vurğun Əyyubun Məclis üzvü səlahiyyətlərinə xitam verilməsinin doğru olacağını bildirmişdim. Məntiqlə də bu, belədir. Adam necə tanımadığı bir qurumun üzvü ola bilər?
- Hikmət Hacızadə Səxavət Əlisoyu söz azadlığının əsas müdafiəçilərindən saydığı üçün müsavatçılarla onun arasında mübahisə yaranmışdı və hətta təhqiramiz fikirlər də səsləndirilmişdi. Tərəflər arasında bu cür kəskin mübahisələin olmasına münasibətiniz necədir?
- Adın çəkdiyiniz şəxsə ən sərrast fikri müsavatçı dostumuz Rüfət Baxışbəyli söyləmişdi. O, təxminən belə demişdi ki, Azərbaycanda bir çox nüfuzlu ifadə azadlığı fədailərini nəzərə almayıb Səxavət Əlisoyu bu ranqa yüksəltmək ən azı qeyri-obyektivlikdir. Məncə də bu belədir. Bu mübahisədə isə tərəflər yoxdur, maraqlardan çıxış edən və obyektiv fikir bildirən fərdlər var.
- Sizə elə gəlmirmi ki, Müsavat rəhbərliyi partiyanın nizamnaməsinə zidd fəaliyyət göstərənlər barədə ölçü götürməyə ehtiyat edir. Rəhbəlik nədən çəkinir? Narazılar partiyada real gücə sahibdirmi?
- Partiya rəhbərliyi funksionerlərin və sıravi müsavatçıların nizamnamə çərçivəsində fəaliyyət göstərməsində maraqlıdır və hər kəsi bu istiqamətdə bilgiləndirir. Nizamnamədən kənar fəaliyyət göstərən olacaqsa, təbii ki, qarşısında elə nizamnaməni görəcək.
- Qurultaydan sonra nə üçün yeni başqan narazılardan heç kəsi öz tərəfinə çəkə bilmədi, əksinə aralardakı məsafə daha da genişləndi?
- Müsavat Partiyasında "başqanın tərəfdarları", "Divan üzvü tərəfdarları", Məclis sədri tərəfdarları" kimi ifadələr yaddır. Bu baxımdan kimisə tərəfinə çəkmək kimi fikir doğru deyil. Bütün müsavatçılar üçün fəaliyyət göstərməyə meydan var.
- Müsavat Partiyasında "qurultaydan sonrakı durum" ab-havasının hələ də qalması nə ilə bağlıdır və bunun aradan qalxması üçün nə lazımdır?
- Elə deyil. "Qurultaydan sonrakı durum" ab-havasını süni şəkildə saxlamaq cəhdləri var.
- İsa Qəmbər demişdi ki, narazıların fəaliyyəti gec-tez partiya nizamnaməsi ilə ziddiyyət təşkil edəcək. Sizə elə gəlmirmi ki, artıq ziddiyyətlə açıq şəkildə görünür? Söhbət narazıların yeni partiya yaratmaq istəyində olmasından gedir?
- Bu suala artıq digər sualları cavablandırarkən fikrimi bildirmişəm. Nizamnamənin aliliyi istənilən halda qorunacaq.
Ayxan