Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Teleqraf.com XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı və enerji sahəsində strateji tərəfdaşlıq məsələləri müzakirə olunub. Avropa İttifaqı ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin qüvvəyə minməsi məmnunluqla qeyd olunaraq, bu çərçivədə elm, təhsil, mədəniyyət, turizm və işgüzar sahədə qarşılıqlı təmasların artdığı vurğulanıb.
H.Salber Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu xüsusi qeyd edib.
Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Ermənistan tərəfindən məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün təxribat əməllərinə əl atıldığını qeyd edərək, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd edib.