15 Yanvar 2015 10:59
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəminə Dünyamalıyeva: "Heç bir partiyaya üzv olmayacam"

"1 il idi istirahətdə idim, bu müddət ərzində çox yaxşı istirahət etmişəm. Açıq Cəmiyyət Partiyası (ACP) və Milli Şuradan istefa vermişəm, bu gün bitərəfəm".

Bu sözləri Zəminə Dünyamalıyeva söyləyib. Onun sözlərinə görə, siyasətlə məşğul olmaq üçün hansısa partiyanın üzvü olmaq vacib deyil: "Mənə elə gəlir ki, 2015-ci il məhsuldar ildir. Qarşıdan parlament seçkiləri gəlir, iş görmək olar. Siyasi adamlar cəhd etsə belə, siyasi proseslərdən kənarda qala bilmir. O baxımdan ola bilsin ki, mənim də aktivliyim artsın. Martda parlament seçkilərində iştirak edib-etməyəcəyim barədə dəqiq qərar verəcəyəm".

O əlavə edib ki, ACP-də Rəsul Quliyevin ideologiyasını, siyasətini bəyənib və bu gün də bəyənir: "Onun Azərbaycan haqda iqtisadi düşüncələrini, təkcə neft deyil, qeyri-neft sektorunun inkişafı barədə fikirlərini təqdir edirəm".

İstirahət etdiyi müddətdə ACP-nin keçmiş lideri Rəsul Quliyevlə mütəmadi ünsiyyət saxlamadığını qeyd edib: "Facebook-dakı dostluq siyahımda Rəsul Quliyev var. Ehtiyac olarsa, telefonla da əlaqə saxlaya bilərəm. 1 il ərzində heç nə ilə məşğul deyildim ki, məsləhətləşməyə ehtiyac yaransın. Mən hakimiyyətdə də, müxalifətdə də olanda tam sərbəst siyasət yürütmüşəm. YAP və ACP-də olmuşam, hər ikisində sərbəst idim. Şəxsi həyatımda da həmişə məsləhətə önəm vermişəm. Amma bu, o demək deyil ki, qərarlarımı kiminsə sözünə görə verirəm".

"Sülhəddin Əkbərin partiyasına getmərəm"

O, ACP-nin sabiq sədri Sülhəddin Əkbərin yaratdığı Azad Demokratlar Partiyasında təmsil olunub-olunmayacağı barədə suala da cavab verib: "İnsan kimi Sülhəddin bəyə hörmətim var. Ancaq siyasi nöqteyi-nəzərdən o partiyada təmsil olunmaram. Hesab edirəm ki, hansısa partiyaya getməyin əhəmiyyəti yoxdur. Çünki Azərbaycanda bir neçə insan siyasi partiyalara yığışıb öz mənfəətini inkişaf etdirməklə məşğuldurlar. Ona görə düşünmürəm ki, hansısa partiyaya üz tutam".

"Müsavatla AXCP olan yerdə onlara başqa düşmən lazım deyil"

Z.Dünyamalıyeva Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin parlament seçkisinə müxalifət qüvvələrinin birgə qatılması barədə təklifini də şərh edib: "Həmişə obyektiv fikir bildirəndə mənə qarşı çıxanlar çox olur. Amma zaman etibarilə 20 illik bir dövrdə hər kəs görüb ki, dediyim fikirlər reallaşıb. Milli Şura yarananda AXCP və Müsavatın növbəti səhnəsini tənqid etdim və xoşagəlməz halların olacağını dedim. Söyləmişdim ki, Müsavatla AXCP olan yerdə onlara başqa düşmən lazım deyil. Onlar özlərinə kifayət edir, hətta artıq da qalır. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Hər zaman Azərbaycanda seçkidən-seçkiyə Pənah Hüseyn ortaya düşüb "gəlin bir olaq deyib", elə bu birlikləri də dağıdan da özü olub. Birliklərin adını nə qoyurlar qoysunlar eyni materialdır. İdeologiya əsas rol oynamalıdır. Müxalifətin ideologiyası yoxdur. Lap 105 nəfərin seçki ərəfəsində bir araya gəlməsi göstərir ki, bunların dövlətçilikdən başı çıxmır. Çünki dövlətçilikdən anlayışı olanlar anlayır ki, təkcə seçki ilində bir araya gəlmək yox, seçkiyə qədər bir arada olmaq lazımdır. Bunlar bir-birinin ətini didə-didə ünvanlarına olmazın təhqirlər yağdırırlar, seçki ilində deyirlər ki, gəlin seçkiyə bir yerdə gedək".

"Bu çirkinliklərdə iştirak etdiyimə görə təəssüflənirəm"

Onun fikrincə, müxalifət bir yerə yığışıb parlament seçkisinə gedib qrantları alıb böləndən sonra qarşıdurma başlayacaq: "Mən bu çirkinliklərdə iştirak etdiyimə görə təəssüflənirəm. Ona görə də heç bir partiyaya üzv olmayacam, onların birliklərində də təmsil olunmayacam. Öz şəxsi nüfuzumdan istifadə edərək hansısa yolu getməyə qərar verəcəyəmsə, o yolu da gedəcəyəm".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər