15 Yanvar 2015 15:56
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ dövləti tərəfindən hər zaman Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə səsləndirilmiş fikirlər obyektiv reallığı əks etdirmir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. Onun sözlərinə görə, bu ölkənin insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək və təzyiq alətinə çevirmək cəhdləridir: “Azərbaycan müstəqil dövlətdir. 3 min ildən artıq dövlətçilik kökü olan Azərbaycanın bütün tarixi ərzində etnik, dini və milli zəmində heç bir qarışıqlıq olmayıb. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan Respublikasının qanunvericiliyi etnik, dini və milli müstəvidə qırğın törədilməsi üçün edilən çağırışlara birmənalı şəkildə qadağa qoyub”.

M.Seyidov deyib ki, bu gün Azərbaycanın öz milli-mənəvi dəyərlərinə söykənən daxili siyasəti mövcuddur: “Müxtəlif vasitələrlə cəmiyyətimizdə “yetişdirilmiş virusların” təməl prinsiplər üzərində qurulmuş və inkişaf etdirilən Azərbaycan dövlətinə zərər vurmasının qarşısının alınması heç də anti-demokratik deyil. Çünki əgər bütöv bir cəmiyyətə zərər vura biləcək addımın və ya şəxsin qarşısının alınması əslində insanların hüquq və azadlıqlarının təminatıdır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Azərbaycan öz daxili siyasətini xalqın maraqları əsasında qurub. Eyni zamanda xarici siyasətdə də bu prinsipləri qoruyub saxlayır. Siyasət kimə və ya kimlərəsə xatir deyil dövlətin maraqlarına uyğun qurulur. İstənilən dövlət ilə ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu hər zaman bəyan edən Azərbaycan hökuməti milli maraqlara zidd, ölkəmizin formalaşmış daxili siyasətinə mənfi təsir edə biləcək bütün xarici amillərə qarşı öz sərt mövqeyini ortaya qoyur”.

Təşkilat rəhbəri əlavə edib ki, demokratiya, plüralizm və s. kimi şüarlar ABŞ və Qərb üçün konkret spekulyasiya alətidir. Onun fikrincə, ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcudluğu qeyd olunur: “Eyni zamanda ABŞ hüquq mühafizə orqanlarında qulluq mövqeyindən sui-istifadə halları vətəndaşların hüquqlarını əhəmiyyətli dərəcədə pozur. ABŞ-da irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında ABŞ cəmiyyətində qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sisteminin çatışmazlıqları, polis və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə və zorakılığın artması və digər sahələrdə ciddi problemlər mövcuddur. Lakin nədənsə bütün bunları ABŞ görməməzdikdən gəlir. Araşdırsaq görərik ki, özünü “demokratiyanın beşiyi” hesab edən və müxtəlif dövlətlərə qarşı “demokratik” çağırışlar səsləndirən Amerika Birləşmiş Ştatlarında jurnalistlərin informasiya əldə etmələrinə, dövlət məmurlarının KİV nümayəndələri ilə təmasda olmasına ciddi maneələr yaradılır, media nümayəndələri təqib edilir və onlara qarşı açıq təzyiqlər göstərilir.

Bu gün ABŞ-ın dünyada özünü hegemon kimi təqdim etməsi və müxtəlif ölkələrin daxili işlərinə qarışması aydındır. Buna isə tapılan “bəhanələr” çox zaman elə yerindəcə iflasa uğrayır. Məsələn, İraqda kimyəvi silah axtarışına çıxan ABŞ 12 il müddətində burada “axtardığını” tapa bilməsə də, lazım olan enerji qaynaqlarını öz əlində saxladı. Eyni zamanda artıq dünyanın qınaq obyektinə çevrildiyini görüb İraqdan “çıxdı.” Amma heç bir ay keçməmiş İraqda yeni qüvvə İŞİD “peyda oldu”. Bu gün isə terrora qarşı mübarizədə özünü öndə göstərsə də, əslində maddi maraqlar naminə minlərlə insanların qətlində, əlil olmasında, öz yurd yerlərindən didərgin düşməsində birbaşa rol oynayan ABŞ-ın hansısa demokratiya və insan hüquqlarından danışması nə dərəcədə doğrudur? Burada isə bir məntiq ortaya çıxır. ABŞ-ın hansısa ştatında bir amerikalının öldürülməsi az qala dünya miqyasında matəmə çevrilir və bu insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Amma bu insanlardan İraqda, Əfqanıstanda, Ukraynada və digər ölkələrdə hər gün onlarla öldürülür. Lakin bir dəfə də olsun, buna reaksiya verilmir. Yaxud, 22 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Minlərlə insan müharibənin qurbanına çevrilib, bir milyondan artıq vətəndaş öz yurd yerlərini tərk etmək məcburiyyətində qalıb. Mərkəzi ABŞ-da yerləşən və əsas üzvlərindən biri də ABŞ olan BMT-nin qəbul etdiyi 4 qətnamənin icrası bu gün də həyata keçirilmir. İndi ABŞ-ın Azərbaycanda insan hüquqlarının pozulmması ilə bağlı bəyanat verməsi nə dərəcədə doğrudur? Bəli, Azərbaycanda hüquqları pozulmuş 1 milyondan artıq insan var. Onlar öz doğma yerlərindən didərgin düşüblər. Bəs bu insanların haqqlarının bərpası üçün ABŞ niyə addım atmır? Deməli, burada məqsəd heç də insan hüquqlarından getmir. Cəmiyyətə buraxılmış bir neçə virusun aşkar edilərək qarşısının alınması nədənsə ABŞ-a insan haqqlarının pozulması kimi görünür. Amma 22 ildir hüquqları pozulmuş insanlar nəzərə alınmır. Əksinə onların hüquqlarını pozanlara hər il milyonlarla dollar maddi yardım ayrılır. Budurmu insan hüquqlarının müdafiəsi?”

M.Seyidovun sözlərinə görə, demokratiya adı altında ölkələrə təzyiq göstərməyin, ölkələrin daxili işlərinə qarışmağın başqa bir yolu isə Qərb parlamentlərində təşkil edilən müzakirələrdir: “Məsələn, ABŞ Konqresində bu və ya digər ölkə barəsində dinləmələr təşkil olunur, həmin ölkələrin demokratik inkişafının səviyyəsi "qiymətləndirilir". Bir dövlətin öz qanunverici orqanında digər bir suveren dövlətlə bağlı müzakirə və dinləmələr keçirməsi birmənalı olaraq onun daxili işlərə qarışmaq kimi qiymətləndirilməlidir. Fikrimcə, Amerika Birləşmiş Ştatları insan hüquqlarının “himayədarı” funksiyasında çıxış etmək iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir. ABŞ hər hansısa bir dövlətə demokratiya dərsi keçməkdənsə, ilk növbədə öz cəmiyyətlərində demokratiyanın bərqərar olmasına çalışmalıdırlar”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər