Hacıqabul rayonunda 5 nəfərin öldüyü yanğınla bağlı cinayət işi başlanıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
11.12
Oktyabrın 12-də saat 01 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsində taxta konstruksiyalı barak tipli yaşayış yerlərində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Hacıqabul rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin əməkdaşları və ekspertin iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib, həmçinin zəruri və təxirəsalınmaz istintaq hərəkətləri icra olunub.
Hadisə nəticəsində 5 nəfər şəxs - 1944-cü il təvəllüdlü Mütəllim Məmmədov, 1952-ci il təvəllüdlü Sara Abışova, 1981-ci il təvəllüdlü Aybəniz Abışova, 2010-cu il təvəllüdlü Zəhra Sadıqova və 2012-ci il təvəllüdlü Elgün Sadıqov ölüb, 1 nəfər şəxs - 1963-cü il təvəllüdlü Şölə Həsənova xəsarət alıb.
Xəsarət almış şəxsə xəstəxanada ambulator tibbi yardım göstərilib və hazırda vəziyyəti stabildir.
Hadisənin baş vermə səbəbinin müəyyən olunması istiqamətində Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.