16 Yanvar 2015 15:11
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqanı postundan gedən, lakin siyasi səhnədə qalmaq niyyətində olan İsa Qəmbər son günlər sədri olduğu Milli Strateji Düşüncə Mərkəzini (MSDM) aktivləşdirmək qərarına gəlib.

Bu məqsədlə İsa Qəmbər yanvarın 14-də Milli Strateji Düşüncə Mərkəzinin təşkilatçılığı ilə “Güney Azərbaycan məsələsi bu gün” mövzusunda toplantı keçirib. Toplantıda Yasəmən Qaraqoyunlu, Abdulla Əmir Haşimi Cavanşir, Mehriban Vəzir, Arif Hacılı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli, Nəbi Soytürk, Rüfət Muradlı, Əlirza Amanbəyli, Faiq Qəzənfəroğlu və digər şəxslər iştirak edib.

Xatırladaq ki, İsa Qəmbərdən əvvəl AMİP sədri postundan gedən Etibar Məmmədov da Güney Azərbaycan mövzusunu aktivləşdirmək məqsədilə forum yaratmışdı, mütəmadi olaraq bu mövzuda tədbirlər təşkil edirdi. Lakin bu proses Məmmədovun gündəmdə qalmasını saxlaya bilmədi.

Dünən isə Müsavatın sabiq başqanı Milli Strateji Düşüncə Mərkəzi adından parlament seçkilərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil edib. İsa Qəmbər dinləmələrdə bəyan edib ki, parlament seçkilərində iştirak vacibdir, “boykot” normal qərar deyil: “İddialı qüvvələr parlament seçkilərində iştiraka hazırlaşmalıdır. Çünki seçkilərdə iştirak böyük və nəhəng bir prosesdir, imtina isə prosesin istənilən məqamında qəbul edilə biləcək bir qərardır”.

VHP-nin sədr müavini Arif İsmayılbəyli isə bildirib ki, müxalifətin seçkilərdə iştirakı normal qərardır: “Düşünürəm ki, müxalifət seçkilərə gedəcək”. O, müxalifət düşərgəsindən seçkidə iştirak edəcək şəxslərin adlarını qısa müddətdə müəyyənləşdirib cəmiyyətə açıqlamağında vacib olduğunu bildirib.

Aydınlar Partiyasının rəhbəri Qulamhüseyn Əlibəyli isə qeyd edib ki, qarşıdan gələn seçki ilə bağlı perspektiv müxalifətə uğur vəd etmir: “Bu, bizə uğur vəd etmir. Amma imtina etmək də olmaz. Seçki siyasətin bir formasıdır. Seçkidən imtina edirsənsə, deməli, siyasətdən də imtina etmiş olursan. Seçkidə heç bir şərtsiz iştirakı elan etməliyik”.

Müsavat başqanı Arif Hacılı da qeyd edib ki, seçkinin “boykot” edilməsini Müsavat Partiyası əlverişli yol hesab etmir: “Seçkidə əməkdaşlıqla bağlı Xalq Cəbhəsinin sədri Əli Kərimli ilə də görüşmüşəm və gələcəkdə əməkdaşlıq perspektivi ilə bağlı müzakirələr aparmışıq”.

Ancaq maraqlıdır ki, sözügedən toplantıda Milli Şura təmsilçiləri iştirak etməyib. Bu bir daha göstərir ki, Milli Şura İsa Qəmbər və ya Müsavatla bir yerdə olmağı qüsurlu hesab edir. Arif Hacılınnı AXCP sədri ilə görüşməsi haqda bəyanatına rəğmən qarşı tərəf Müsavatla bir masada əyləşmək istəməyib. Diqqət etdikdə bəlli olur ki, əslində bu qurumun dinləmələrində zal dolmayıb, masaların çoxu isə boş qalıb. Bu isə Düşüncə Mərkəzinin hazırda siyasətçilərin diqqətini cəlb etmədiyini bir daha ortaya qoyur.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər