Müsavat Rəsulzadəni parçalanmış şəkildə anacaq
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Horadiz şəhərində və Qaradağ rayonunda Təşəbbüs Qrupları yaradıb. Bunu hərəkatın rəhbəri, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, Qaradağ rayonunda keçirilən təsis yığıncağında iştirakçıların sayı və tərkibi qurultayqabağı dövrdə keçirilən görüşdə olanlardan fərqli idi: “Çünki toplantıya yalnız müsavatçılar deyil, həm də digər siyasi partiya üzvləri və bitərəflər də qatılmışdı. İki saatdan çox çəkən müzakirələrdə bir çox mətləblərə aydınlıq gətirildi. Çünki bu gün də həmişə olduğu kimi, dürüst və açıq danışdıq, bir daha şahid olduq ki, bu dəyərlər insanlar arasında olan səmimiyyəti daha da artırır”.
İsa Qəmbər sevinir
Müsavatın indiki rəhbərliyi, eləcə də, sabiq başqan İsa Qəmbər sevinib. Buna səbəb partiyanın VIII qurultayının sənədlərinin təsdiq edilməsi olub. Başqan müavini Elman Fəttah deyib ki, Ədliyyə nazirliyi partiyanın VIII qurultayının nəticələrini qeydə alıb.
Xatırladaq ki, bugünə qədər Müsavat rəhbərliyi partiya qurultayının sənədlərinin qeydiyyata alınmayacağı haqda qeyri-rəsmi fikirlər işlədirdilər. Qeyd olunurdu ki, Qubad İbadoğlu və tərəfdarlarının bu cür hərəkətləri, partiya daxilində başqa bir situasiya yaratmaq istəkləri sonda qurultayın sənədlərinin Ədliyyə nazirliyi tərəfindən şübhə altına salınmasına səbəb ola bilər. Partiya rəhbərliyi ehtiyat edirdi ki, sənədlər təsdiqlənməyə və bununla da yeni qurultay üçün ciddi əsaslar yarana bilər.
Rəsulzadə ayrılıqda anılacaq
Əldə etdiyimiz məlumata görə, Müsavatdakı narazılıqlar tərəfləri ayrı-ayrılıqda anım tədbirlərinə qatılmağa məcbur edir. Çünki artıq bir-birinə qarşı söylənilən ittihamlardan sonra tərəflərin birgə addımlaması çətinləşib. Yanvarın 31-də Məmməd Əmin Rəsulzadənin doğum günü qeyd olunacaq. Ancaq bu tədbiri Müsavat bütövlükdə qeyd edə bilməyəcək. ADR hərəkatı ayrı, Müsavat Partiyasının rəhbərliyi isə ayrılıqda Novxanıya gedəcək.
Söz atışması davam edir
Partiyadan istefa verən Hikmət Hacızadə ilə Müsavat rəhbərliyi arasında sosial şəbəkədə atışma isə davam edir. Tərəflər əvvəlki günlərdən fərqli olaraq bir-birini təhqir etmirlər. Ancaq aqressiya açıq formada özünü göstərir. Rəhbərlikdə təmsil olunan Azər İsmayıl sosial şəbəkədə Roma papalarından birinin terrorçu ilə fotosunu yerləşdirərək Hikmət Hacızadədən tələb edib ki, fotonu montaj edərək müdafiə etdiyi Səxavət Əlisoyun şəklini də orada yerləşdirsin. Beləliklə də, Müsavatla Paris terrorunu eyni səviyyədə tutmasının əksini göstərməklə qərəzli olmadığını ortaya qoysun. Ancaq Hacızadə bu təklifi rədd edib. Əvəzində ifadə azadlığını əsas gətirib və partiya rəhbərliyinə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent olacaq qərarlarını ortaya qoyub, daha sonra Müsavat rəhbərliyinə bu istiqamətdə “seminar” keçməyə başlayıb.
Hikmət Hacızadənin hədəfə alınmasının özəl səbəbləri
Müsavat Partiyası rəhbərliyinin Hikmət Hacızadəni hədəfə almasının özəl səbəbləri var. Söhbət ondan gedir ki, partiyada uzun illər Hacızadənin kaprizlərinə dözülüb. Hacızadə də əsasən İsa Qəmbərə yaxın olub və onunla təmasda olub. Burada hər iki şəxsin regional bağlılığı da rol oynayıb. Çünki İsa Qəmbərin də bir tərəfi Hacızadənin doğulduğu Şəkidəndir. Ancaq son qurultaydan sonra Hacızadə partiyadan istefa verərək Səxavət Əlisoyu müdafiə edib. Bu da İsa Qəmbərə ağır gəlir. Bu səbəbdən də hazırda Hikmət Hacızadəyə qarşı aqressiya hökm sürür.
CAVİDAN