“İnstagram”da narkokuryerliyə cəlb edildikləri üçün saxlanılan daha 3 nəfərdən 6 kiloqram heroin aşkar edilib.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a bildirilib ki, Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Azad Əliyev, 1996-cı il təvəllüdlü Seymur Məmmədov və 1998-ci il təvəllüdlü Ümid Musayev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqramdan çox yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, A.Əliyev, S.Məmmədov və Ü.Musayev şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə “instagram” sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq məqsədi ilə qəbul ediblər.
Faktlarla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.