Kürdəmir rayonunu içməli su ilə təmin edən Külüllü-Kürdəmir magistral su kəməri partlayıb.
Teleqraf.com xəbər verir ki, hazırda aidiyyəti qurumun texnikası və şəxsi heyəti hadisə yerinə cəlb olunub və ərazidə zəruri işləri həyata keçirirlər.
Hadisə səhər saatlarında rayonun Topalhəsənli kəndi ərazisində qeydə alınıb. Boru xəttinin partlaması nəticəsində rayon mərkəzinə və rayona yaxın 12 kəndə içməli suyun verlişi dayandırlıb.
Kürdəmir su-kanal sahəsinin rəisi Arzu Şahbazov “Report”un yerli bürosuna bildirib ki, səhər saatlarında etibarən su-kanal sahəsində çalışan işçilər və texnikalar səfərbər edilib.
O deyib ki, Külüllü-Kürdəmir su xəttinin 29-cu km-də diametri 500 millimetrlik olan su xəttində qəza baş verib. Hazırda rayonda su təhcizatı dayandırılıb: "Bununla əlaqədar bütün tədbirlər görülür, optimal müddətdə çalşacağıq ki, rayona su verilməsini təmin edək. Magistral su xətti rayonumuzda 8 222 abonentə xidmət edir. Nəzərdə tutulur ki, sabaha kimi qəzanı aradan qaldıraq, yəni səhərə kimi işlərimizi davam etdirəcəyik".
Qeyd edək ki, ümumi uzunluğu 29 km olan Külüllü-Kürdəmir magistral su boru xətti 2011-ci ilə dövlət vəsaiti hesabına "Azərsu" ASC tərəfindən inşa olunub. Bu su xətti Kürdəmir şəhərinin və daha 12 kəndin su təminatının yaxşılaşdırılması məqsədilə çəkilib.