Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, onaltımərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərməyən və təmirsiz qeyri-yaşayış obyektində baş vermiş yanğının binanın digər mərtəbələrinə keçmə riski yüksəkdir.
Yanğınsöndürənlərin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zirzəmidə yerləşən ümumi sahəsi 4m2 olan gözətçi otağının yanar konstruksiyaları və ümumi sahəsi 120m2 olan obyektdə müxtəlif tullantılar yanıb.
Obyekt və mənzillər yanğından mühafizə olunub, xəsarət alan olmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində sakinlərin təxliyəsi həyata keçirilib.
***
09:46
Paytaxtın Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.
***
09:17
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
Teleqraf.com xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.
Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.
Hadisə yerinə yanğınsöndürənlər gəlib.