22 Yanvar 2015 11:14
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Natiq Cəfərli: “Yaxın gələcəkdə bu mövqenin dəyişməsi də inandırıcı görünmür”

AXCP və Milli Şura Respublikaçı Alternativ Hərəkatı ilə yaxınlaşmaq, bu qurumun onlarla birlikdə parlament seçkilərinə getməsinə nail olmaq istəyir. Bu məqsədlə son zamanlar AXCP-REAL, Milli Şura-REAL çərçivəsində bir yaxınlaşma hiss edilir. AXCP rəhbərliyi REAL sədrinin məhkəmə prosesində iştirak edir, Milli Şuranın sədri Cəmil Həsənli isə REAL-ın ofisinə gedərək müzakirələr aparır. Bu yaxınlaşma və təmasların parlament seçkilərinə hesablandığı artıq görünməyə başlayıb.

REAL-ın icraçı katibi Natiq Cəfərli bu məsələ haqda danışıb. Bildirib ki, REAL seçkilərdə iştirak edəcək. Onun sözlərinə görə, bütün siyasi təşkilatlar seçkilərin verdiyi fürsətdən istifadə edərək, həm qələbə uğrunda mübarizə aparmalı, həm də özünü cəmiyyətə təqdim etməlidir: “Bizdə seçkidə iştirak edib-etməməklə bağlı tərəddüd yoxdur. Seçkilərdə iştirak edəcəyik. Hazırda namizədlərimizin kim olacağı istiqamətində tamamlanma işləri gedir. Çox böyük ehtimalla 25-30 namizədlə seçkiyə gedəcəyik. Namizədlər prinsipcə bəllidir, hazırda kimin hansı dairədən namizədliyini irəli sürəcəyi məsələsi müzakirə mövzusudur. Böyük ehtimalla siyasi qüvvələr içərisində ilk olaraq REAL hansı namizədlə seçkiyə gedəcəyini elan edəcək”.

REAL-ın seçkilərdə iştirakı formatına gəldikdə Natiq Cəfərli bildirib ki, REAL qeydiyyatdan keçən siyasi təşkilat olmadığından seçkilərdə siyasi təşkilat kimi iştirak edə bilməz: “Ancaq REAL adında təşəbbüs qrupu yaradaraq namizədlərimizi irəli sürməyi nəzərdə tuturuq. Onsuz da bizdə majoritar seçki sistemidir, namizədlər fərdi şəkildə irəli sürülür. Biz də təşəbbüs qrupunun adından namizədliyimizi irəli sürəcəyik”.

REAL rəsmisi deyib ki, onların Milli Şura formatında seçkiyə getməsi əsaslı görünmür: “Biz seçkilərə az qalmış vəziyyətə baxacağıq. Əlbəttə, seçkiyə az qalmış həm də müəyyən təmaslarımızın baş verməsi gözləniləndir. Ancaq blok şəklində seçkiyə getmək niyyətimiz yoxdur. Amma siyasi qüvvələrlə görüşlərimiz və təmaslarımız olacaq. Bu da təbiidir. İndilikdə blok ideyası yoxdur. Qeyd edim ki, bizim AXCP və Milli Şura ilə təmaslarımız olub. Ancaq Müsavatla da kontaktlar var. Eləcə də, 125-lər Klubu ilə də müzakirələr olub. Seçki öncəsi bu haqda müzakirələr aparmaq daha doğru olar. Seçki məsuliyyətli işdir, bu mövzuda fikir mübadiləsi, müzakirə aparmaq təbiidir. Ancaq bizim AXCP və Milli Şura ilə hər hansı bir blokda birləşmək niyyətimiz, qərarımız yoxdur”.

İcraçı katib xatırladıb ki, onlar hələ bir müddət əvvəl ənənəvi müxalifətlə seçki və siyasi blok yaratmayacaqları haqda mövqe ifadə ediblər: “Mən həmin sözün üzərində durur, bu fikirlərimizi təkzib etmirəm. REAL-ın hansısa blokda seçkiyə getmək niyyəti yoxdur. Lakin ölkəmizdə olan təşkilatlarla fikir mübadiləsi, müzakirələr aparmaq təbiidir. Çünki ümumi fəaliyyətin koordinasiyası mümkündür. Bizim blok yaratmaq, ənənəvi müxalifətlə birgə seçkiyə getmək fikrimiz yoxdur və yaxın gələcəkdə bu mövqenin dəyişməsi də inandırıcı görünmür”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər