“Bu gün bizə QHT ilə bağlı ağıl və taktika öyrətmək istəyən bəzi təşkilatlar və dairələr var. Onlar xaricdən qrant alan təşkilatlardır”.
Publika.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Onun sözlərinə görə, bu yaxınlarda ABŞ-ın Demokratiyaya Yardım Fondu tərəfindən təşkil olunan tədbir bu qəbildən olub. Ə.Həsənov deyib ki, bu cür təşkilatların Azərbaycana ağıl öyrətməsi doğru deyil: “Həmin təşkilatların qrant almaq naminə fəaliyyəti ilk növbədə Azərbaycan dövlətinin və xalqının milli maraqlarına ziddir. Çünki həmin dairələrin nümayəndələri xaricdə erməni QHT rəhbərləri ilə bir arada oturub Azərbaycandakı vəziyyəti təhlil edib qiymət verməyə çalışırlar. Bütün bunlar isə Azərbaycanın milli maraqlarına uyğun deyil. Təhlillər obyektiv olmalıdır. Yoxsa ki, kiməsə təzyiq və təsir göstərmək üçün təhlillər vermək doğru deyil. Bu baxımdan da Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları mövcud vəziyyətə real və obyektiv qiymət verməlidir”.
Ə.Həsənov onu da qeyd edib ki, hər bir sahədə qanun işləməli, hamı qanuna əməl etməlidir: “Əgər qanun varsa, hər kəs ona hörmətlə yanaşmalıdır və onu icra etməlidir”.