Bakının Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada iki nəfərin ölümü ilə nəticələnən partlayışa görə aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fəxri Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 23-ə təyin edilib.
Qeyd edək ki, partlayış baş verən mənzilin sahibi Rima Ağalarova cinayət məsuliyyətinə cəlb edilib. Səhlənkarlığa yol verən mənzil sahibinə qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma-ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
19 nəfər bina sakini zərərçəkmiş qismində tanınıb.
Hadisə ötən ilin mayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış zamanı 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva ölüb, bir neçə nəfər xəsarət alıb.