Bu gün saat 22 radələrində paytaxtın Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Səbail rayon prokurorluğundan Teleqraf.com-a bildirilib ki, araşdırmalarla 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şossesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı qohumu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.