Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat xidmətindən bildirilib.
***
Yanğın Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində baş verib.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar.
00:25
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Əlavə məlumat veriləcək.
23:40
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən Teleqraf.com-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.