Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində “Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının və Rusiyada iqtisadi böhranın Azərbaycana mümkün təsirləri” mövzusunda dinləmələr təşkil edilib.
Təşəbbüsün Müsavat Partiyasında təmsil olunan və son qurultaydan narazı qalan qüvvələr tərəfindən təşkil edildiyini nəzərə alanda maraqlı nüans ortaya çıxıb. Belə ki, dinləmələrin təşkilatçısı sözügedən müzakirələrə nə İsa Qəmbəri, nə də təmsil olunduğu partiyanın başqanı Arif Hacılını dəvət edib. Bunun əvəzində müzakirələrə vaxtilə Müsavatdan istefa verən Rasim Musabəyov, eləcə də Hikmət Hacızadə dəvət edilib.
ADR nümayəndəsi Hüseyn Məlik deyib ki, onlar tədbirə mütəxəssisləri, iqtisadçıları çağırıblar: “Yəni partiya sədrlərini dəvət etməmişdik. O cümlədən də İsa Qəmbərə dəvət göndərməmişdik. Gördüyünüz kimi, Əli Kərimlini də çağırmamışdıq. Bu iqtisadi tədbir idi. Əsasən deputat Vahid Əhmədov, Rasim Musabəyov, Oqtay Haqverdiyev, Nazim Məmmədovu dəvət etmişdik. Bundan başqa Hikmət Hacızadə, Vurğun Əyyub və digərləri iştirak edib. Həm də bu ADR-in keçirdiyi tədbir idi. Odur ki, mövzuya uyğun dəvətlilər olub”.
Hüseyn Məlik deyib ki, hazırda ADR ciddi şəkildə təşkilatlanır: “Hazırda 11 rayon şöbəsi yaradılıb, bir neçə təşəbbüs qrupu yaradılıb. Təşkilatlanma prosesində KXCP, bitərəf şəxslər, ziyalılar və digər partiyalar da iştirak edir. Yəni ancaq Müsavat Partiyasının bazasından istifadə edilmir”.
CAVİDAN