Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, yanvarın 27-də və 28-də ölkə ərazisində qeydə alınan 102, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 73, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Yanvarın 27-də və 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 220 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Yanvarın 27-də və 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 4 tapança, 7 ədəd müxtəlif markalı tüfəng, 4 ədəd patron darağı və 45 ədəd müxtəlif çaplı patron aşkar edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 27-də və 28-də ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,9 kiloqrama yaxın marixuana, 510 qramdan çox heroin, 1,2 kiloqramdan çox tiryək, 2,2 kiloqramdan çox metamfetamin, həmçinin 65 ədəd çətənə bitkisi və 52 ədəd metadon həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.